Niko Kovaç: Azərbaycanlı futbolçular artıq topu qabağa vurmaqla hücum qurmurlar
Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasındakı dəyişiklikləri görmüşəm. Müdafiə xəttində intizam daha da artıb. Oyunçular artıq topu qabağa atmaqla hücum qurmaq haqda düşünmürlər. Bizə asan olmayacaq. Çünki Azərbaycan yığması doğma meydanda çıxış edəcək. Komandanız son oyunlarda yaxşı nəticələrə imza atmağa başlayıb. Bizi heç də asan matç gözləmir. Baxmayaraq ki, özümüzdən də çox şey asılıdır".
Kovaç Bakıda xal itirmək haqda düşünmədiklərini bəyan edib: "Mən optimistəm. Ona görə də məsələyə fərqli rakursdan baxmaq istəməzdim. Komandamızın üzvləri onu da yaxşı bilir ki, qrupdakı taleyimiz sabahkı oyundan da çox asılıdır. Bakı səfərindən sonra daha bir qələbə qazana bilsək, AÇ-nin final mərhələsinə vəsiqəni təmin edə bilərik".
Xorvatların çalışdırıcısı "Üç qol vuracağınız halda, yenə fərqlənmək üçün irəli atılacaqsınız" sualına belə cavab verib: "Deyə bilmərəm. Biz sadəcə, sonadək mübarizə aparacağıq. Qol futbolun bir hissəsidir. Biz də hər oyunda qol vurmağa çalışırıq".