Prosineçki: Xorvatiya ilə oyun üçün əsl futbol stadionu seçilib
2 sentyabr 2015 19:20
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyunun Bakı Olimpiya stadionunda yox, "Bakcell Arena"da təşkil olunmasının səbəbini izah edib. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Biz azarkeş tutumu az olan, 12 minlik arena seçdik. Amma bu, doğrudan da əsl futbol stadionudur. Qaçış zolağı yoxdur. Burada əla atmosfer olur. Yerli mətbuat böyük çempionatlarda çıxış edən xorvatiyalı oyunçuları izləyir. İnsanlar Modriçi, Rakitiçi, bir müddət öncə Madrid "Real"ına keçən Kovaçiçi yaxşı tanıyırlar. Osiyekdə keçirilmiş oyunun nəticəsi (0:6) də yerli futbol həvəskarlarını oyuna gəlməyə motivasiya edir".