Qurban Qurbanov: Bizim üçün çətin oyun olacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandam qarşıdakı matça yaxşı hazırlaşıb. Amma bizim üçün çətin oyun olacaq. Ukrayna çempionatının liderinə qarşı oynamaq hər bir komanda üçün çətindi. "Dnepr"də xeyli legioner çıxış edir. Qrupumuzun əsas favoritlərindən biridi. Əminəm ki, heç də sıradan bir oyun olmayacaq. Bacardığımız futbolu sərgiləməyə çalışmalıyıq. Rəqibin heyətində Konoplyanka səviyyəsində futbolçu var. Amma "Dnepr" təkcə ondan ibarət deyil. Yaxşı oyun intizamı ilə fərqlənirlər. Bizim futbolçular da meydanda nə edəcəklərini yaxşı bilirlər. Leroy Corc bu oyunda çıxış etməyə bilər. Danilo Diasla Çumbinyonun meydana çıxmayacağı dəqiqdi. Amma biz itkilər barədə düşünmürük".
Qurbanov yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 0:6 hesablı məğlubiyyətindən də danışıb: "Yığmamız həqiqətən də Xorvatiyada çox ağır məğlubiyyətlə üzləşdi. Amma mən istərdim ki, millidə çıxış edən futbolçularımız tam olaraq "Dnepr"lə görüşə köklənsinlər. Əminəm ki, onlar əsl peşəkar kimi davranıb, bunu bacaracaqlar".