Aniş Giri: Ən razı qaldığım ikinci tur olub
ShamkirChess2016 superturnirin III turunda Hollandiya şahmatçısı Aniş Giri Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Giri oyundan razı qaldığını bildirib:
"Partiya ərzində təhlükə hiss olunmadı. Bəzi hallarda ağ fiqurlarda azacıq üstünlük görünürdü. Ümumilikdə bərabər görüş olduğu üçün heç-heçə normal nəticədir".
Giri ShamkirChess 2016 turnirində 3 turdan sonra 2 xal toplamasını yaxşı nəticə adlandırdı: "Birinci və üçüncü partiyalarda heç-heçə oynamışam. Ən razı qaldığım ikinci tur oldu. Sergey Karyakinə qalib gəlməyimi nəzərdə tuturam. 3 turdan sonra 2 xalla liderlik uğrunda yarışmağım mümkündür".
Hollandiya təmsilçisi qeyd etdi ki, FİDE Qran-Pri seriyasının yeni mövsümü çox maraqlı olacaq: "Mükafat fondu bir qədər aşağı düşsə də, maraqlı turnirlər olacaq. Qaydalar dəyişib. Amma qaliblər iddiaçılar turnirinə yollanacağından orada yarışmaq vacibdir".