Vüqar Həşimovla bağlı Prezidentə müraciət olundu
Azərbaycanın məşhur idmançıları – müxtəlif növlər üzrə olimpiya, dünya və Avropa çempionları şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi mərhum Vüqar Həşimovla bağlı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, müraciətdə Azərbaycanda idmanın bütün növlərinin inkişafda olduğu, idmançılara dövlət səviyyəsində qayğı göstərildiyi qeyd olunub. Titullu idmançılar daim idmançıları diqqətdə saxlayan dövlət başçısına minnətdarlığını bildirib.
Ölkənin məşhur idmançıları dövlət başçısından mərhum Vüqar Həşimovun adının əbədiləşdirilməsinə köməklik göstərməsi üçün xahiş edib. Məktubda Bakı şəhərindəki küçələrdən birinə Vüqarın adının verilməsi, onun yaşadığı binanın üzərinə xatirə lövhəsinin vurulması, Respublika Şahmat Mərkəzinə onun adının verilməsi təklif olunur. Müraciətdə eyni zamanda Vüqarın adına Azərbaycanda Şahmat Akademiyasının açılması, onun xatirəsinə keçirilən turnirlərin ənənəvi hal alması xahiş edilir.