"Vüqar Həşimovun adı daim yaşamalıdı"
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan seansda iştirak edib. Azerisport.az xəbər verir ki, millinin üzvləri Vüqarın 28 yaşının tamam olması münasibətiylə 28 lövhədə uşaqlarla mübarizə aparıb.
Seansda yığmanın kapitanı Aleksandr Xalifman, şahmatçılardan Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli iştirak edib.
Qədir Hüseynov turnir haqda bunları deyib: "Vüqarın bizimlə olmamasını qəbul etmək çətindi. Bir qədər əvvəl Şəmkirdə onun xatirəsinə böyük turnir keçirildi. İndi yeniyetmələr arasında yarış keçirilir. Çox istərdim bu turnirlər ənənəvi olsun. Vüqarın adı daim yaşamalıdı".
Komandanın kapitanı Aleksandr Xalifman Vüqar haqda belə danışıb: "Böyük şahmatçı hər zaman xatırlanmalıdı. Bu turnir yeniyetmələr üçün əsl motivasiya olacaq. Belə yarışda iştirak etmək sevindiricidi".
Yığmanın şahmatçısı Şəhriyar Məmmədyarov isə Vüqarın xatirə turnirində iştirak etməyi özlərinə borc bildiyini deyib: "Komanda yoldaşımızın adına olan turnirdə iştirak etmək önəmlidi. Belə yarışlar nə qədər çox olsa, o qədər yaxşıdı. Vüqarın adı daim yaşayacaq. Bizim belə xatirə turnirində iştirakımız çox vacibdi".