Vüqar Həşimovun keçmiş məşqçisindən maraqlı xatirələr
Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun keçmiş məşqçisi Viorel İordaçesku azerisport.az saytına müsahibəsində mərhum yetirməsini xatırlayıb, onun xatirəsinə həsr olunmuş şahmat turnirindən danışıb:
"Vüqar çox yaxşı insan idi. Onunla işləmək çox asan idi. Eyni zamanda mən özüm də ondan nələrisə öyrənirdim. O, təkcə istedadlı insan yox, həm də açıq, səmimi oğlan idi. Turnirin təşkilatçıları sağ olsunlar ki, onun xidmətlərini belə yada salırlar".
İordaçesku Həşimovla bağlı maraqlı bir xatirəsini də yada salıb: "O vaxt biz qızımızın anadan olmasını gözləyirdik. Həkimlər uşağın avqustda dünyaya göz açacağını demişdilər. Amma bizdə şam edərkən Vüqar bir dəfə dedi ki, həkimlər səhv edirlər, uşaq iyulun 24-də anadan olacaq. Bunu da onunla izah etdi ki, həmin tarix onun öz doğum günüdü. O, yüz faiz haqlı idi. Ona görə də qızımız bizim üçün həm də Həşimovun canlı xatirəsidi".