Məmişzadə və Səlimov finala çıxdı, olimpiadaya lisenziya qazandı
Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq yarışda yarımfinal mərhələsinə start verilib.
91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev finala vəsiqə uğrunda görüşdə kubalı Erisladi Savonla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada daha təcrübəli Savon qalib gəlib. Abdullayev isə karyerasında ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənib.
Bu gün bokçularımızdan Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə qarşılaşıb. O, rəqibinə qalib gələrək, həm finala yüksəlib, həm də Olimpiadaya lisenziya qazanıb.
Albert Səlimov da braziliyalı Robson Konseysaoyla görüşdə oxşar uğura imza atıb. Belə ki, o, 3:0 hesablı qələbə sayəsində Rio Olimpiadasına lisenziya əldə edib.
Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə gəlib. Digərlərindən fərqli olaraq, Pərviz bu görüşdə məğlubiyyətlə üzləşib. Amma buna baxmayaraq, boksçumuz Rio Olimpiadasına lisenziya qazanıb. Belə ki, bu çəkidə mərakeşli Muhammed Rabi WSB Liqasından lisenziya qazandığından Bağırov 3 vəsiqədən birinə sahib olub.
Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 4 medala sahib olublar.