Rizvan Gənciyev: Finala çıxmaq barədə düşünmürük
"Baku Fires" peşəkar boks klubunun baş meneceri Rizvan Gənciyev "Astana Arlans"a məğlubiyyətdən sonra jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, Gənciyev məğlubiyyəti belə əsaslandırıb:
"Astana Arlans" zəif komanda deyil. Biz güclü rəqibə məğlub olduq. Qeyd edim ki, heyətlə bağlı problemlərimiz var idi. Rəsul Salıyevlə Rahil Məmmədli debütant olduğu üçün onlardan çox şey tələb etmək düzgün deyil. Rahil güclü rəqibə qarşı mübarizə aparmağa çalışdı. Ümidimiz son 5-ci görüşdə həlledici qələbə qazanmaq idi. Lakin unutmayaq ki, Jaba Xositaşvili yalnız bir həftə əvvəl heyətə daxil edildiyini öyrəndi. Bir həftə hazırlaşıb, üstəlik onun kiçik zədələri var idi. Cari mövsüm əsas məqsədimiz 2016-cı ildə Braziliyada keçiriləcək olimpiadaya lisenziya qazanmaqdır. Qrup mərhələsinin oyunları aprelin sonunda başa çatır. Mayda pley-off görüşləri baş tutacaq. Bizim boksçular isə iyunda keçiriləcək Avropa Oyunlarına hazırlaşmalıdır. Bir ay vaxtımız olacaq. Yəni bu mövsüm finala çıxmaq barədə düşünmürük. Yalnız lisezniya qazanmağı hədəfləmişik. Mümkün qədər çox lisenziya əldə etmək lazımdır. Bu məğlubiyyət araşdırılacaq".