Bakı-2015 Londonda təqdim olundu
Heydər Əliyev Fondu və I Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonun məşhur “The Dorchester Hotel”ində birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, ziyafət şəklində təşkil edilən mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyaya akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyəti nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Gecədə tədbir haqqında məlumat verilib, “Baku-2015” Avropa Oyunlarına hazırlıq prosesindən danışılıb. Paytaxt Bakını bir neçə dəfə ziyarət etdiyini bildirən aparıcı, hazırlıq işlərinin yüksək səviyyədə olduğunu və birinci Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacağını diqqətə çatdırıb. (Azertac)