Bakı-2015-in 1000-ci əməkdaşı
Bu gün Bakı 2015 Avropa Oyunları ştata daxil edilən 1000-ci əməkdaşının işə götürülməsini qeyd etmişdir. Azerisport.az xəbər verir ki, azərbaycanlı xanım Aysel Axundova yadda qalan işçi olacaq, çünki o, Oyunlar Akademiyasının Məzun Proqramının üzvü kimi Mətbuat Əməliyyatları komandasına qoşulmuşdur.
Bakı 2015 Avropa Oyunlarının Baş icraçı direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov demişdir: “Bu, Bakı 2015 komandasının davamlı artımında əlamətdar mərhələdir və mən birinci Avropa Oyunlarına doğru gedən yola qoşulduğu üçün Ayseli salamlamaq istərdim.
“Böyük bir komandanın qurulması üçün yüksək səviyyəli təcrübəyə malik beynəlxalq işçi heyətimiz və mükəmməl yerli biliklərə sahib Azərbaycanlı əməkdaşlar bir araya gəlmişdir.
“Mən əminəm ki, bütün komandamızın malik olduğu bilik və təcrübə bütün Azərbaycanın və Avropanın fəxr edəcəyi möhtəşəm yarışların keçirilməsini təmin edəcək.”
Bu yaxınlarda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olmuş xanım Axundova Azərbaycanda daha öncə keçirilmiş əsas yarışlarda, o cümlədən, FİFA U-17 Qadınlararası Dünya Çempionatında və 2012-ci il Avroviziya Mahnı Müsabiqəsində iş təcrübəsinə malikdir.
21 yaşlı xanım Axundova demişdir: “Mən Bakı 2015 komandasına qoşulduğum üçün fəxr edirəm və birinci Avropa Oyunları istiqamətində gedən işlərdə öz töhfəmi verməyi səbirsizliklə gözləyirəm.
“Özüm üçün və bütün komandamız üçün bu cür tarixi idman yarışında rol almaq gözəl imkandır və mən Bakı 2015 Avropa Oyunlarının reallaşmasına köməklik göstərəcəyimə ümid edirəm.”
Hazırda Bakı 2015 komandasında Azərbaycan da daxil olmaqla, dünyanın 43 ölkəsindən olan işçilər 18 şöbədə çalışırlar.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Bakı 2015 komandasının üzvlərinin sayı hər həftə artmaqda davam edir və mən yüksək səviyyəli peşəkarlardan ibarət belə bir keyfiyyətli komanda topladığımız üçün çox məmnunam.
“Xarici və yerli işçilərin vəhdəti Avropanın istedadlı idmançıları üçün mümkün olan ən yaxşı yarışları keçirməkdə dinamik və əyləncəli mühit yaratmışdır.”