AZAL Balıkəsirspora belə uduzdu
Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" Bolunun kənarındakı Termal otelinin meydançasında yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Balıkesirspor” ilə üz-üzə gəlib.
Oyun qarşılıqla hücumlar şəraitində keçib. İlk yarıda təşəbbüs komandamızın tərəfində olsa da, hesab açılmayıb. Fasilədən sonra isə hakim diqqət mərkəzinə düşüb. Hər mübarizəyə fit çalan Sərdar adlı türkiyəli referi 49-cu dəqiqədə “təmiz” penaltini vermədi. Əks-hücumda isə rəqib hesabı açdı. 57-ci dəqiqədə Superliqanın debütantı fərqi 2 topa çatdırsa da, 65-ci dəqiqədə Təmkin Xəlilzadə fərqi azaltdı. Bundan sonra üstünlük tamamilə komandamızın tərəfində olsa da, bərabərlik qolunu vurmaq mümkün olmadı.
Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ilk məğlubiyyətini aldı. Xatırladaq ki, "təyyarəçilər" Türkiyə toplanışı çərçivəsində daha öncə İran U-21 (2:2) və “Mersin İdman Yurdu” (2:1) ilə qarşılaşmışdı.
Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Stanislav Namaşko, Eltun Yaqublu (Novruz Məmmədov, 46), Oskar Klyava, Laşa Kasradze, Şəhriyar Rəhimov (Xuanfran, 46), Kərim Diniyev (Orxan Lalayev, 62), Luis Ramos (Asif Mirili, 85), Təmkin Xəlilzadə (Aydın Qasımov, 76), Tomi Kostadinov, Eduardo Konseysao Masiel, Con Enrike Kordoba (Viktor İbekoyi, 80).
Onu da qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 25-də “Antalyaspor”a qarşı keçirəcək.