Qəbələ Konyasporu iki qolla keçdi
Xəbər verdiyimiz kimi, "Qəbələ" Hollandiya toplanışı çərçivəsində üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, "qırmızı-qaralar"ın bu dəfəki rəqibi Türkiyə təmsilçisi "Konyaspor" olub. Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:
"Qəbələ": Anar Nəzirov, Pavol Farkaş, Rafael Santos, Ürfan Abbasov, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Cavid Hüseynov, Andrey Kristya, Markinyos.
"Konyaspor": Oğuzhan Demirci, Tolga Ünlü, Elvis Kokaloviç, Yagos Vukoviç, Özgür Özkaya, Uğur İnceman, Ömer Ali Şahiner, Hasan Kabze, Ali Dere, Recep Aydın, Barış Örücü.
Matç "Qəbələ"nin üstünlüyü şəraitində keçib. Lakin bu üstünlük ilk hissə boyunca özünü hesabda göstərməyib. İkinci hissəyə də sürətli hücumlarla başlayan komandamız 63-cü dəqiqədə hesabı açıb. Pavol Farkaş Nizami Hacıyevin künc nöqtəsindən asmasını başla tora göndərib - 1:0. Növbəti qol da "Qəbələ"nin aktivinə yazılıb. Oyuna sonradan daxil olan Yazalde Pinto 78-ci dəqiqədə komandasının heyətində ilk matçında fərqlənməyi bacarıb və nəticəni müəyyənləşdirib - 2:0.
"Qəbələ" toplanış çərçivəsində son - dördüncü oyununu iyulun 26-da keçirəcək. "Qırmızı-qaralar"ın rəqibi Hollandiya təmsilçisi "Herenveen" olacaq. (klub saytı)